07.09.2010

Home page
Site map
Send message
Tarix Komitə Üzvlər Struktur Əlaqə Xəbərlər
Azeri version
English version
Russian version


Top festivalları

Bakıda Top festivalı
Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun olaraq, AFFA ilə Makdonalds arasında imzalanmış müqaviləyə əsasən, 2007-ci il dekabrın 16-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19/59 (Makdonaldsın qarşısı) ünvanında «Top festivalı» keçirildi. Festivalda 151 uşaq iştirak edirdi. Tədbiri ANS TV-nin əməkdaşı Asif Bağırov aparırdı. O, tədbiri açıq elan edərək dedi ki,  bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkəmizin idman həyatında bir ilkə imza ataraq Makdonaldsla birgə yeni layihəsini təqdim edir. Söhbət hamımızın bu gün bürada toplaşmağımıza səbəb olan «Top festivalı»ndan gedir. Festivalın təşkilatçılarının partnyorları «Standard İnsurance», «HYUNDAİ Auto Azerbaijan», «Pro Futbol» və «AF Hotel Aqua Park Komplex», media dəstəkçiləri isə ANS televiziyası, «Futbol dünyası» qəzeti və azersport.com idman portalıdır. Biz bu gün uşaqların topla gözəl davranışlarının şahidi olacağıq və əminik ki, tədbirimiz yüksək bayram əhval-ruhiyyəsində keçəcək.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək bildirdi ki, bu layihəni həyata keçirməkdə əsas məqsəd Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın tələblərinin yerinə yetirilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların sağlam həyat tərzinə – idmana istiqamətlənməsinə nail olmaqdır. Ümidvarıq ki, «Top festivalı» qeyd etdiyimiz məqsədlərə çatmığımızda əhəmiyyətli rol oynayacaq və ənənə halını alacaq. Festivalın hər bir iştirakçısına uğurlar arzulayıram.
Sonra Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Uşaq və Gənclər futbol federasiyasının prezidenti Mirkamil Rəhimov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək ölkədə uşaq futbolunun inkişafı naminə belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar.
Çıxışlardan sonra Asif Bağırov münsiflər heyətini təqdim etdi. Azərbaycanın əməkdar məşqçisi Səyavuş İbrahimov, milli komandanın futbolçusu Fərhad Vəliyev, veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, veteran futbolçu Oqtay Abdullayev, ictimaiyyətin nümayəndəsi Bəhram Bağırzadə və Murad Dadaşov münsiflər heyətinin üzvü kimi festivalda iştirak edən uşaqların çıxışına qiymətləndirdilər.
Yarışın qaydaları barədə ətraflı məlumat vermək üçün Səyavuş İbrahimov çıxış etdi və bildirdi ki, 3 dəqiqə ərzində rəqiblərinə nisbətən daha çox top çiləyən iştirakçılar növbəti mərhələyə adlayacaqlar. Növbəti mərhələdə də qaliblər eyni qaydada müəyyən olunacaq və sonda daha çox top çiləmiş iştirakçılar I, II və III pilləyə sahib çıxacaqlar.
Bundan sonra festivalın iştirakçıları arasında yarış başlandı. Fasilədə isə müğənni İradə İbrahimova populyar mahnılarını ifa etdi. 
1994-cü il təvəllüdlü Pərviz Mütəllimov 3-cü, 1993-cü il təvəllüdlü Məmməd Xəlilov isə 2-ci yeri tutdular. Birinci pillənin sahibi isə 1996-cı il təvəllüdlü Rəhman Şabanov oldu.
Yarış başa çatdıqdan sonra qaliblərə mükafatlar təqdim olundu. AFFA prezidenti səlahiyyətlərinin icraçısı Elşad Nəsirov, baş katib Elxan Məmmədov və milli komandanın qapıçısı Fərhad Vəliyev, o cümlədən Makdonaldsın və «HYUNDAİ Auto Azerbaijan»ın nümayəndəsi mükafatları təqdim etdilər.
Tədbirin sonunda AFFA tərəfindən festivalın bütün iştirakçılarına futbol maykaları və top hədiyyə olundu.
 
Gəncədə Top festivalı
Respublika Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, istedadlı gənclərin üzə çıxarılması, onlara lazımi şəraitin yaradılması, təbliğatın genişləndirilməsi və uşaq futbolunun dirçəldilməsi məqsədi ilə AFFA müxtəlif layihələr həyata keçirir. Assosiasiya ilə «MakDonalds» şirkətinin birgə layihəsi çərçivəsində 2007-ci il dekabrın 16-da Bakıda keçirilən «Top festivalı»ndan sonra analoji tədbirlərin regionlarda da təşkil edilməsi qərara alındı. Beləliklə, AFFA ilə «HYUNDAİ Azərbaycan» şirkətinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin köməkliyi sayəsində belə bir tədbir 2008-ci il aprelin 12-də, saat 12.00-dan 14.00-a qədər Gəncə şəhərindəki Heydər Əliyev adına meydanda keçirildi. 14 yaşadək uşaqlar arasında keçirilən bu tədbirdə nəinki Gəncəni, o cümlədən respublikamızın müxtəlif regionlarını təmsil edən 270-ə qədər uşaq iştirak edirdi. ATV-nin idman şərhçisi Sənan Şəfizadənin aparıcısı olduğu tədbirdə ilkin olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ölkəmizdə futbolun inkişafı üçün kompleks tədbirlərin keçirilməsi vacibdir. Belə tədbirlərdən biri də bu gün Gəncə şəhərində keçirilən «Top festivalı»dır. Bu cür ləyihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri istedadlı gənclərin aşkarlanması və onlara AFFA tərəfindən lazımi qayğının göstərilməsidir. Bildiyiniz kimi, «Top festivalı»nın ötənilki qalibi Rəhman Şabanov hazırda assosiasiyanın hesabına Ukraynanın «Arsenal» klubunun uşaq komandasında təhsil alır. Turnirin hər bir iştirakçısına uğurlar arzulayıram.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Akif Ələkbərov belə bir təşəbbüslə çıxış etdiyinə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirdi və tədbirin tarixi ənənələri olan Gəncə futbolu üçün mühüm hadisələrdən biri hesab etdiyini söylədi. AFFA-nın vitse-prezidenti və Milli Məclisin deputatı Rauf Əliyev «Top festivalı»nı ölkə rəhbəri tərəfindən imzalanan futbolun inkişafına dair Dövlət Proqramının lazımi şəkildə həyata keçirilməsinin əyani təzahürü kimi dəyərləndirdi. Qeyd olundu ki, ölkədə futbolun inkişafı üçün lazımi şərait yaradılıb və göstərilən qayğı sayəsində, eləcə də AFFA-nın təşkilatçılığı ilə bu cür tədbirlər həyata keçirilir. Biz «Top festivalı»nın ənənəvi xarakter daşıyacağını, ölkəmizin bütün regionlarını əhatə edəcəyini bildirir və hər bir istedadlı gəncə lazımi köməklik göstərməyə çalışacağımıza söz veririk.
Rəsmi açılış mərasimindən sonra münsiflər heyətinin aşağıdakı tərkibdə müəyyənləşdirildiyi yarış iştirakçılarının diqqətinə çatdırıldı:
Novil İsmayılov - Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi – SSRİ İdman ustası, Respublikanın əməkdar məşqçisi
Müzəffər Qasımov - Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Zahid Əsgərov - Qərb Regional Futbol Federasiyasının prezidenti
Rauf Əliyev - AFFA-nın vitse-prezidenti,Milli Məclisin deputatı
Akif Ələkbərov - Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini
Məhəmməd Məmmədov - hakim-inspektor, yarışın ədalət təmsilçisi
Festivalın şərtləri iştirakçıların nəzərinə çatdırıldıqdan sonra meydança uşaqların ixtiyarına verildi. Şəhərdə böyük rezonansa səbəb olan tədbirdə iştirak edənləri müğənni Səidə Sultanın ifa etdiyi müxtəlif səpkili mahnılar daha da şənləndirdi.
Festivalın reqlamentinə uyğun olaraq, sonda müəyyənləşən üç qalib – Sərxan Nuriyev, Sərxan Zeynalov və Cabbar Məmmədov birinci yer uğrunda mübarizəyə qoşuldu. Daha yüksək məharət nümayiş etdirən 127 sıra nömrəli Sərxan Nuriyev «Top festivalı»nın qalibi oldu. Qalibləri mükafatlandırma mərasimində çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev, Vidadi Məmmədov və Asəf Hacıyev tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara dərin minnətdarlıqlarını bildirdilər. Sonda qaliblərə AFFA və «HYUNDAİ Azərbaycan» şirkəti tərəfindən hədiyyələr verildi.
 
Lənkəranda Top festivalı
2008-ci il noyabrın 14-də Lənkəran şəhərindəki Heydər Əliyev adına parkda AFFA və «HYUNDAI AUTO AZERBAIJAN»ın birgə təşkilatçılığı ilə «Top festivalı» keçirilib.
Saat 11:00-da başlayan və 14:00-a qədər davam edən tədbirdə 320 uşaq top çiləmək qabiliyyətini nümayiş etdirib.
«Top festivalı»nın açılış mərasimində çıxış edən Elxan Məmmədov bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun olaraq, ölkəmizdə uşaq futbolunun inkişafı, bu idman növünün kütləviliyinin artırılması üçün AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. «Top festivalı»nın bu qəbildən olan tədbirlərdən biri olduğunu deyən E. Məmmədov Lənkərandakı iştirakçı sayının çoxluğunu sevindirici hal kimi vurğulayıb. AFFA-nın baş katibi 2007-ci il dekabrın 17-də Bakıda və bu il aprelin 12-də Gəncədə təşkil edilən «Top festivalı»nı xatırladaraq, bugünkü tədbirin də çox uğurlu alınacağına ümidvar olduğunu bildirib.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov «Top festivalı»nın sözün yaxşı mənasında şəhərdə böyük əks-səda doğurduğunu, əsl futbol ab-havası yaratdığını deyib və tədbiri təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxışlardan sonra iştirakçılar top çiləmək bacarıqlarını nümayiş etdirməyə başlayıblar.
«Top festivalı»nın münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət olub:
Elxan Məmmədov – AFFA-nın baş katibi
İskəndər Cavadov – RFF-nin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü
Siyavuş İbrahimov – əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi
Rüstəm Rəhimov – beynəlxalq dərəcəli hakim
Vüsal Cəfərov – Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi
İştirakçıların qaydalar çərçivəsində yarışmasına beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev nəzarət edib.
«Top festivalı»nın sonunda qaliblər müəyyənləşib. 3-cü yeri Emil Əhmədli, 2-ci pilləni isə Şahin Hüseynli tutub. Festivalın qalibi adını Elçin Qasımov qazanıb.
Qaliblər AFFA və «HYUNDAI AUTO AZERBAIJAN» tərəfindən mükafatlandırılıb. Hədiyyələri AFFA-nın baş katibi Elxan Məmmədov, RFF-nin prezidenti İskəndər Cavadov və «HYUNDAI AUTO AZERBAIJAN»ın nümayəndəsi Könül Kərimova təqdim ediblər.

Sumqayıtda «Top Festivalı» keçirilib
UEFA-nın kütləvi futbol proqramına uyğun olaraq, AFFA ilə «HYUNDAİ AUTO Azerbaijan»ın birgə təşkilatçılığı ilə 2010-cu il may ayının 19-da Sumqayıt şəhərindəki Üzeyir Hacıbəyov adına «Kimyaçı» Mədəniyyət Sarayının qarşısında «Top festivalı» keçirilib.
Tədbirin aparıcısı Nəsib Nur «Top Festivalı»nda iştirak etmək üçün 280 uşağın qeydiyyatdan keçdiyini bildirib,analoji tədbirlərin daha əvvəl Bakıda, Gəncədə, Lənkəranda təşkil olunduğunu və artıq ənənəvi xarakter aldığını deyib. Sonra Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və «Azərkimya» İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev çıxış edərək ölkəmizdə futbolun kütləviliyinin artırılması üçün məqsədyönlü işlər görüldüyünü, «Top Festivalı»nın da bu qəbildən olan tədbirlərdən olduğunu bildiriblər.
Çıxışlar başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri təqdim olunub. Məlum olub ki, iştirakçıların çıxışını Regional Futbol Federasiyaları İctimai Birliyinin vitse-prezidenti Maşallah Əhmədov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov,  «Azərkimya» İstehsalat Birliyinin nümayəndəsi Eldar Məmmədov, Azərbaycanın əməkdar məşqçisi Səyavuş İbrahimov və Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şəmilov qiymətləndirəcək.
Ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov yarışın qaydaları barədə ətraflı məlumat verdikdən sonra iştirakçılar topla davranış məharətlərini nümayiş etdirməyə başlayıblar.
Tədbiri izləyənlər arasında FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt da olub.
Festival iştirakçıları və qonaqlar ölkəmizi «Eurovision-2009» müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin çıxışını da izləmək imkanı qazanıblar.
Gərgin mübarizədən sonra «Top Festivalı»nın qalibi adını Tural Bayramlı qazanıb. 2-ci yeri Ramil Orucov, 3-cü yeri isə Ülvi Bayramlı tutub.
Qızlar arasında yarışın qalibi Nərminə İsmayılova olub.
Yarış başa çatdıqdan sonra qaliblərə AFFA-nın, «HYUNDAİ AUTO Azerbaijan»ın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mükafatları təqdim olunub.


 

 
Azərbaycan
  Millinin oyunları
 
Dünya Çempionatı
 
Avropa Çempionatı
 
Avropa çempionatı U-21
  Yoldaşlıq oyunu
  Reytinq
  Fotoreportaj
  Vakansiyalarımız
  Etik kodeks
  Azarkeşlər üçün təkliflər
  Azarkeşlər
  Biletlər
  Orta məktəblərdə futbol dərsləri
  Anket
 
  «İnter» (Bakı)
  «Bakı» (Bakı)
  «Qarabağ» (Ağdam)
  «Xəzər-Lənkəran»
  «Neftçi» (Bakı)
  «Qəbələ» (Qəbələ)
  «Simurq» (Zaqatala)
  «AZAL» (Bakı)
  «Turan» (Tovuz)
  «Muğan» (Salyan)
  MOİK (Bakı)
  «Gəncə» (Gəncə)
 
 
 
Unibank Premyer liqası
 
Azərbaycan Kuboku
  Milli cempionat
 
Futzal
 
Azercell U-17 Liqa
 
Kapital Bank U-15 Liqa
 
U-13 Liqası
 
 
 
  Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2007 © Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@affa.az vasitəsilə əlaqə saxlayın