“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə AFFA tərəfindən “Məhəllə futbolu” layihəsinə 2016-cı ildə start verilib. Layihə cərçivəsində futbol oynamaq üçün heç bir şəraiti olmayan həyətdə bir ay müddətində bir səyyar futbol meydançası quraşdırılır.
2016-cı ilin yay aylarında Bakının məhəllələrində tətbiq edilmiş layihə 2017 ildən etibarən “PAŞA Sığorta”nın dəstəyi ilə Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edir.
Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.
2017-ci ildə “Məhəllə futbolu” layihəsi mart ayında Şəki şəhərindən start götürdü. Bu cür layihələr xüsusilə regionlarda böyük maraqla qarşılanır. Şəki şəhərindəki 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan idman dərsləri vaxtı məktəblilər, günün digər vaxtlarında isə yaxınlıqda yaşayan sakinlər istifadə edirdilər.
Layihə daha sonra Bakının 4 məhəlləsində davam etdirilib:
Zabrat qəsəbəsi, 192 saylı məktəbin həyəti
“Bakcell Arena”nın yaxınlığındakı məhəllə
Əhmədli qəsəbəsi, Nəsrəddin Tusi küçəsi
Dəyanət Vəqfi Bakı Türk Liseyi
Ümumilikdə 9 ay ərzində 2 minə yaxın insan səyyar meydançada futbol oynayıb, onların 89 %-i oğlan, 11 %-i isə qız olub. Sosial media kanallarında isə bu təşəbbüsü 96 mindən çox insan nəzərdən keçirib.
2019-cu ildə “Məhəllə Futbolu” layihəsi avqust ayında başlayaraq oktyabr ayınadək davam edib. Layihə çərçivəsində səyyar meydança Gəncə şəhərində, Biləsuvar rayonunda və Bakının iki rayonunda quraşdırılıb. Qeyd olunan tarixlərdə peşəkar məşqçilər tərəfindən yerli sakinlərə təlimlər keçirilib. Azərbaycan milli komandalarının oyunçuları Ağabala Ramazanov, Rəşad Eyyubov və Arzu Əliyeva layihədə iştirak ediblər.
Meydançanın quraşdırılması üçün bir neçə şərti nəzərinizə çatdırırıq:
Meydança şəkildə gördüyünüz ölçülərə tam uyğun olmalıdır;
2) Meydança quraşdırılacaq ərazinin səthi düz olmalıdır;
3) Quraşdırılan meydança məhəllə sakinlərini narahat etməməli, məhəllə sakinləri və avtomobillərin hərəkətinə maneə törətməməlidir;
4) Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.
Əgər meydançanın sizin məhəllənizdə də quraşdırımasını istəyirsinizsə, AFFA-nın rəsmi Facebook səhifəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və ya [email protected] ünvanı vasitəsilə müraciət edə bilərsiniz.