Əsasnamə Təqvim Cədvəl Gallery
2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən 16 yaşadək  (U-16) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
  1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1   U-16 Liqa aşağıdakı məqsədlər üçün keçirilir:
  •  Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
  •  Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
  •  Uşaq və yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
  •  Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi
 
3. İştirakçıların müəyyən olunması
 
3.1  U-16 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.                            
3.2  U-16 Liqada cari mövsümdə Unibank Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qruplarının iştirakı mütləqdir.
  1.   U-16 Liqada bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər
 
4. Qeydiyyat qaydaları
 
  1. Sifariş sənədləri Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinə (UGYTŞ) əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri UGYTŞ tərəfindən yoxlanıldıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilir.
  2. Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmır.
  3. Aşağıdakı sənədlər tələb olunur:
  • Üzərində klub rəhbərinin imzası, möhürü və həkimin imzası (hər bir
futbolçunun qarşısında və sifariş vərəqəsinin arxasında), möhürü olan
sifariş vərəqəsi. Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsinin və ya klubun e-mail ünvanı, mütləq göstərilməlidir. İlkin sifariş vərəqəsinə əlavə sifariş olunacaq oyunçuların adları qeyd oluna bilməz.
  • Əlavə sifariş verildiyi zaman, yalnız mövsüm öncəsi komandalara təqdim olunmuş əlavə sifariş vərəqələrindən istifadə etmək olar. Əlavə sifariş vərəqəsinin doldurulma qaydası ilkin sifariş vərəqəsinin doldurulma qaydası ilə eynidir.
  • Futbolçuların və məşqçilərin klubları ilə olan müqaviləsi (Premyer  Liqada
iştirak edən klublar üçün mütləqdir)
  • Hər futbolçunun, məşqçinin və klub işçisinin anketi.
  • Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və xarici pasport).
  • Futbolçular üçün məktəbdən şəkilli, direktorun möhürü və imzası olan  arayış (Möhürün bir hissəsi şəklin üzərinə düşmək şərti ilə). Arayışda məktəbin və sinifin nömrəsi, məktəblinin təvəllüdü və TİMS kodu mütləq göstərilməlidir.
  • Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
  • Klubun loqotipi həmin formatda diskə əlavə oluna bilər.
  • Hər iştirakçı-komandanın baş məşqçisi ən azı aşağıdakı ixtisaslardan birinə sahib olmalıdır:
  1. Ali təhsil (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu)
  2. Xüsusi məşqçilik kursları (UEFA Pro, A və B, AFFA C).
 
Qeyd 1: UEFA yarışlarında iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş məşqçiləri minimum “B” kateqoriyasına sahib olmalıdır.
 
Qeyd 2: Premyer Liqada iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş məşqçiləri minimum “B” kateqoriyasına və ya ali təhsil (Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol ixtisası) diplomuna sahib  olmalıdır.
Qeyd olunan ixtisasa sahib olmayan məşqçilər baş məşqçi kimi komandaya sifariş oluna bilməz.
 
  1. Sifariş sənədləri təqdim olunduqdan iki həftə sonra klub və ya komanda nümayəndələri təqdim olunan sənədlərdəki çatışmazlıqlar və lisenziyaların təhvil alınması ilə bağlı UGYTŞ - Qeydiyyat və Statistika şöbəsindən məlumat almalıdırlar.
  2. Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
  3. Klub və ya komandalar sifariş vərəqəsinə 25 futbolçunun adını daxil etmək hüququna malikdir. Sifariş limiti dolduqda hər əlavə olunacaq futbolçunun əvəzinə bir futbolçunun adı sifariş vərəqindən çıxarılmalıdır. Sifarişdən çıxarılmış futbolçunun lisenziyası Qeydiyyat və Statistika şöbəsinə təhvil verilməlidir.
  4. Klub və ya komanda əlavə sifariş etmək istədiyi halda, əlavə sifariş vərəqəsi ilə Qeydiyyat və Statistika şöbəsinə müraciət etməlidir.
  5. Sənədlərin təqdim edilməsi və lisenziyaların alınması klub və ya komandanın rəsmi nümayəndəsi vasitəsi ilə aparılmalıdır
  6. Təqdim olunan lisenziya yararsız hala düşdükdə (itirildikdə və s.) yenilənməsi üçün tələb olunan vəsait 3 azn-dir.
Qeyd:  AFFA-nın nümayəndələri kluba və ya komandaya xəbərdarlıq etmədən hər bir iştirakçı-futbolçunun orta məktəb tərəfindən təqdim olunmuş arayışı ilə bağlı yoxlama aparmaq hüququna malikdir.
 
 
 
Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı
 
4.9   Liqada yaşı 16-dək olan futbolçular iştirak edə bilər (doğum tarixi 01.01.1999-cu ildən başlayanlar).
4.10  2014-2015 cü il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
4.11   Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
4.12 “U-16 Liqa”da klub və ya komandanın sifariş vərəqəsində aşağıdakı hallarda maksimum 2 qeyri-Azərbaycan vətəndaşının adı salına bilər:
a) Ata, ana, baba və nənə Azərbaycanda yaşayarlarsa
b) Valideynlərdən hər  hansı biri Azərbaycanda hal-hazırda işləyirsə
c) Qaçqın və ya məcburi köçkün statusuna malik olduğu halda
d) Valideynləri (və ya biri) azərbaycanlı olduğu halda, oyunçunun sənədləşmə işləri notarial qaydada valideyn tərəfindən Azərbaycan Respublikası vətəndaşına verilərsə
 
 
Qeyd: a), b), c) və d) bəndlərində göstərilən hallar müvafiq sənədlə təsdiq olunmalıdır.
 
4.13 Meydanda eyni zamanda maksimum 2 qeyri-Azərbaycan vətəndaşının olmasına icazə verilir.
 
Transfer və sifariş məsələləri
 
4.14 Hər bir futbolçu eyni zamanda yalnız bir klubun və ya komandanın sifariş vərəqəsinə daxil oluna bilər.
4.15 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş vərəqəsində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunan sənədlərə üstünlük verilir:
a) Futbolçunun klub və ya komanda ilə yazılı müqaviləsi
b) Müqavilə olmadıqda, futbolçunun valideyninin (qəyyumunun) yazılı surətdə olan rəsmi mövqeyi
c) Bəzi fərdi münaqişələrə AFFA-nın Futbolçuların Statusu və Transferlər komitəsi tərəfindən baxılacaqdır.
4.16 Hər futbolçu mövsüm ərzində ən çox iki komandada çıxış edə bilər.
4.17 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klub və ya komanda mövsüm ərzində ayın ilk 15 günündə ən çox 3 (üç) futbolçunu sifariş etmək hüququna malikdir.
b) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
  • əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı halda:
  • əvvəlki klubundan lisenziyasını təhvil verməlidir
c) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti UGYTŞ tərəfindən əvvəlcədən rəsmi elan olunur.
4.18 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
       
         Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
4.19 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
  • Doğum haqqında şəhadətnamə
  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Məktəb arayışı
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Müqavilə
  • Anket
  • Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
4.20 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
 
5. İştirakçı komandanın öhdəlikləri
 
5.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bəndinə riayət etməlidirlər.
5.2  İştirakçı klub və ya komandalar UEFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
5.3   Klub və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyırlar.
5.4   Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
5.5   Ev sahibi komanda oyunu topla təhciz etməlidir.
5.6   Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz)
5.7  Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydançanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq komanda bir saatdan artıq məşq üçün meydança tələb edə bilməz.
5.8  Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir. Əlaqələndirici şəxsin vəzifə və məsuliyyətləri Əsasnamənin 20-ci bəndində göstərilmişdir.
5.9  Hakim-inspektorun oyunu izləməsi üçün tribunada müvafiq yer ayrılmalıdır. Oyundan sonra nəticə ilə bağlı AFFA-nın UGYTŞ-nin məlumatlandırılması vəzifələrini yerinə yetirməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
5.10  Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
5.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
5.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-ə məlumat verməlidir.
 
6. Yarışın keçirilmə sistemi
 
6.1 U-16 Liqada oyunlar bir qrupda 15 komandanın iştirakı ilə iki dövrədən ibarət dairəvi sistemlə keçirilir (ev, səfər)
6.2 Qaliblərin müəyyən olunması:
  • Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə
         müəyyən olunur
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
         görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
         göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
         qolların sayına əsasən
  • Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplamış xalların fərqinə əsasən (sarı kart   
         1 xal, qırmızı kart 3 xal)
6.3 U-16 Liqanın oyunları həftənin dördüncü (cümə axşamı) günündə keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
6.4 UGYTŞ hər ayın əvvəli liqanın aylıq təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndərəcəkdir. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları və ehtiyat gün (hər hansı bir səbəbdən təxirə salınmış oyunların keçirilməsi üçün)  göstəriləcəkdir. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və/və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.  Misal: əgər turun ilk oyunu həftənin beşinci gününə təyin olunubsa, klub və ya komanda həmin həftənin birinci günündən gec olmayaraq müraciət etməlidir.
6.5  U-16 Liqada iştirak edən komandalar xarici ölkələrə təlim məşq toplantısına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-16 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
6.6 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri və/və ya saat dəyişikliyi ilə bağlı müraciət UGYTŞ-yə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaqdır və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail vasitəsi ilə) göndəriləcəkdir.
6.7 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 40 (qırx) dəqiqə, hissələrarası fasilə isə 10 (on) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 7 əvəzetmədən istifadə edə bilər. Komandalar  qarşılaşmanın ikinci hissəsində oyunu yalnız iki dəfə dayandırmaq şərti ilə əvəzetmə edə bilər. Meydan sahibi olan komanda protokolu birinci doldurur. Oyunın protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas 7 ehtiyat) adları və soyadları yazılır.
6.8 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 45 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunın  hakiminə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir. Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
 
7. Meydança
 
7.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu UGYTŞ-yə təqdim etməlidirlər. UGYTŞ meydançanı yoxlamağa ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər. Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
7.2  Fors-major hallarda komanda meydançanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
7.3  Meydançada standartlara uyğun iki qapı olmalıdır.
 
8. Oyunun təşkili
 
8.1   Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
8.2   Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
8.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə komanda bu haqda təcili UGYTŞ-ya məlumat verməli və UGYTŞ bu halları araşdırıb müvafiq qərar verməlidir. )
8.4   Yalnız 6 rəsmi şəxs və 7 futbolçuya ehtiyat skamyalarında oturmalarına icazə verilir.
8.5   Ev komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
8.6  Texniki zonada siqaret çəkmək qadağandır.
8.7 Komandalar oyunun başlanmasından 45 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
8.8   Oyun günü ev sahibi komanda AFFA bayrağının stadionda asılmasını təmin etməlidir.
 
 
9. Oyun qaydaları
 
9.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. Yalnız aşağıdakı hallar istisnadır:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 40 (qırx) dəqiqədir.
  • Hissələrarası fasilə isə 10 (on) dəqiqədir.
                              10. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
10.1 Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə zamanı ehtiyat hakim meydançanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
10.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
10.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
                                  11. Oyunun protokolu
 
11.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
11.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
11.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
11.4 Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
11.5 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
  • Lisenziyanın nömrəsi
  • Komandanın adı
  • Şəxsin adı, soyadı, atasının adı
  • Fotoşəkil
  • Doğum tarixi
11.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olumazsa bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
11.7 Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
 
12. Oyun protokolunda futbolçuların adlarının yer dəyişməsi
 
12.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
          durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
          ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə   
          ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
  • Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin
          fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda  
          göstərilməyən lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
                                                           13. Oyunlarda iştirakdan imtina
 
13.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
13.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
13.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaqdır.
.
 
14. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan öncə oyunun təxirə salınması
 
14.1 Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal UGYTŞ-ni  məlumatlandırmalıdır.
Bu halda:
  • AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə
         bilər
  • AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-
         mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunın təxirə salınması
 
14.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı qərarı hakimlər müəyyənləşdirəcəklər.
14.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxardarsa, bu halda 24 saat ərzində UGYTŞ komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
14.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
14.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandaya tələb olunan xərclər öz üzərinə düşür.
14.6 Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin etməlidir.
14.7  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
  • Meydançanın yararsız vəziyyətdə olduğu halda
  • Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 5 nəfərin yığma
         komandalara ezam olunduğu halda
  • Ən azı 10 futbolçunun ciddi zədə və xəstəliklərə məruz qaldığı halda. Bu təqdirdə:  
  • AFFA-nın baş həkimi futbolçuların sağlamlığını yoxlamaq hüququna malikdir.
  • UGYTŞ klub və ya komandadan zədəli və xəstə futbolçularla bağlı təsdiqedici sənədləri tələb edə bilər.
 
                                                15. Hakimlik və İnspeksiya
 
15.1 U-16 Liqanın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi U-16 Liqanın oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim)
15.2 Hakimlərin işinə nəzarəti AFFA-nın Hakim-İnspektorları həyata keçirir. U-16 Liqada Hakim-İnspektorlar eyni zamanda AFFA Nümayəndəsi vəzifəsini yerinə yetirirlər.
15.3 Hakim-İnspektor və hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
15.4 Hakim-inspektor və baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
15.5 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
15.6 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
15.7 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
16. AFFA intizam qərarları
 
16.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Ümmumiyyətlə, oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı və qırmızı vərəqələr
 
16.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi iştirak etdiyi liqadan asılı olmayaraq cari mövsümə tətbiq olunur.
16.3 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, müəyyən olunmuş sayda komandanın keçirəcəyi növbəti oyunu (oyunları) buraxacaqdır.
16.4 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
16.5 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
16.6 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçuların cəzaları qüvvədə qalır. 16.7 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş kimi hesab olunur.
16.8 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və İntizam Komitəsi tərəfindən növbəti oyuna qədər bu barədə qərar çıxarılmayıbsa, həmin oyunçu qərar cıxarılana  qədər oyunları buraxmalıdır.
16.9 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır.)
 
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
16.10 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
  • Doğum haqqında şəhadətnamə
  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Məktəb arayışı
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Müqavilə
  • Anket
  • Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
16.11 Yuxarıda göstərilən hallar aşkarlanarsa bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin 12 aylıq futbolla bağlı fəaliyyətlərdən uzaqlaşdırılması və s.
 
17. Protestlər
 
17.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
17.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
  • 11 metrlik cərimə zərbələrinin təyin olunması
  • 11 metrlik cərimə zərbələrinin təyin olunmaması
  •  “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə
  • Topun qapıdan keçib-keçməməsi barədə
17.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq Appellyasiyaya müraciət edə bilər.
 
                                                18. Mükafatlandırma
 
18.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq
18.2  Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçiləcək və onlar da dəyərli hədiyyələrlə mükafatlandırılacaq
 
19. Mətbuat
 
19.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait təşkil olunmalıdır.
19.2  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
 
20. Reklam lövhələri və aksiyaları (promotion)
 
20.1  Meydançada reklam lövhələrinin (3 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
20.2 Banerlər tələb olunan qaydada quraşdırılmadığı halda, klub və ya komanda oyun üçün meydançanı təmin etməmiş kimi qəbul olunur və İntizam Komitəsi tərəfindən müvafiq qərar çıxarılır.